“Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları (ATGTI) İttifaqının birgə təşkilatçılığı ilə “Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert Aslan Əzimzadə Vətən müharibəsində şanlı Zəfərimizin iqtisadi aspektlərindən bəhs edib.
Tələbələr və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi istiqamətində təşkil olunmuş görüşdə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığı böyük qürur hissi ilə qeyd edilib. Dövlətimizin başçısının 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığı vurğulanıb.
Görüşdə iqtisadçı ekspert Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətdən, ölkəmizin müharibədən əvvəl və sonrakı iqtisadi vəziyyətindən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş düzgün strategiyanın müvəffəqiyyətlə davam etdirilməsinin nəticələrindən danışıb. Azərbaycanın iqtisadi inkişafının şanlı Zəfərimizin qazanılmasında əhəmiyyəti və regionda Ermənistanla müqayisədə ölkəmizin qat-qat üstün olması xüsusi vurğulanıb.
Vətən müharibəsində Azərbaycanın şanlı Zəfərinin layihə çərçivəsində iqtisadi, siyasi, hüquqi, tarixi, diplomatik aspektlərdən əhəmiyyətinin tələbə və gənclərə çatdırılması istiqamətində görüşlər davam etdiriləcək.