TATYANA ANODİNA: “AZƏRBAYCAN KİMİ, ONUN MÜLKİ AVİASİYASI DA SÜRƏTLƏ İNKİŞAF EDİR”
Azərbaycan mülki aviasiyasının yaradılmasının 70 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş Dövlətlərarası Mülki Aviasiya Komitəsinin (DMAK) sədri Tatyana Anodina AZƏRTAC-a bildirmişdir ki, bütün respublika kimi, onun mülki aviasiyası da sürətlə inkişaf edir.
Adətən Azərbaycan paytaxtına cari məsələlərlə əlaqədar səfərlər etdiyini bildirən T.Anodina demişdir ki, bu dəfə bayram tədbirlərində iştirak edir. Azərbaycan aviasiyasının şərəfli tarixi vardır. Ölkənin hava nəqliyyatı bu gün də böyük uğurlara imza atır, ən müasir texnikaya, əla mütəxəssislərə malikdir və bütün bunlar onun gələcəyinin də parlaq olacağını deməyə əsas verir. Ölkənin mülki aviasiyasının bu gün çox geniş coğrafiyanı əhatə etdiyini qeyd edən qonaq, bunun kökündə böyük iqtisadi uğurların dayandığını vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın mülki aviasiyası ölkənin yüksək mədəniyyətini, müvəffəqiyyətlərini öz qanadlarında daşıyaraq bütün dünyaya yayır.
Prezidentin, dövlət orqanlarının mülki aviasiyaya göstərdiyi diqqəti Azərbaycan üçün xarakterik xüsusiyyət kimi qeyd edən DMAK-ın sədri, bu ənənənin əsasının keçmiş SSRİ-nin hər yerində aviatorlar üçün doğma insan sayılan görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulamışdır. Müasir görkəmi, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi ilə dünya aeroportları arasında seçilən Bakı beynəlxalq hava limanının haqlı olaraq ulu öndərin adını daşıdığını qeyd edən T.Anodina bildirmişdir ki, Azərbaycanda sahə üzrə kadrların hazırlanmasına da xüsisi diqqət yetirilir.
T.Anodina Azərbaycan aviatorlarını peşə bayramı münasibətilə təbrik etmişdir.
######
