Tbilisidə əlil uşaqlar üçün bayram şənliyi keçirilib
Tbilisi, 30 mart, AZƏRTAC
Tbilisidə əlil, fiziki qüsurlu uşaqlar üçün əyləncəli, xeyriyyə konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “İnternational George” İctimai Birliyinin təşkil etdiyi tədbirdə paytaxt Tbilisi ilə yanaşı, azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Qardabani və Dmanisi rayonlarından 50-yə yaxın əlil uşaq iştirak edib. Uşaqlar üçün musiqili-əyləncəli proqramla yanaşı, maraqlı idman yarışları da təşkil olunub.
Həmçinin fiziki və əqli qüsurlu uşaqlar üçün bayram süfrəsi açılıb. Rusiyanın tanınmış müğənnisi Malika Razakova uşaqları təbrik edib, onları şən mahnıları ilə əyləndirib.
Tədbirin əsas sponsoru SOCAR-ın Gürcüstan nümayəndəliyi olub.
İctimai Birliyin rəhbəri Nino Şalamberidze AZƏRTAC-a müsahibəsində deyib: “Biz hər il əlil uşaqlar üçün xeyriyyə tədbirləri təşkil edirik. Bu il Novruz bayramı ərəfəsində təşkil etdiyimiz tədbirdə azərbaycanlı uşaqlar da iştirak edirlər. Əsas məqsədimiz bu uşaqların cəmiyyətə inteqrasiyasına kömək etmək, onlara diqqət və qayğı göstərməkdir. Onlar və onların valideynləri bilməlidirlər ki, əlil olmaq ayıb deyil. Onlar cəmiyyətdən təcrid olunmayıblar və bu cəmiyyətin tamhüquqlu üzvləridirlər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi