TBİLİSİDƏ MESXETİ TÜRKLƏRİNİN VƏTƏNƏ QAYITMASI PROBLEMİNƏ DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
Mətbuat xidmətinin məlumatına görə, dövlət naziri Georgi Xaindrava, BMT İnkişaf Proqramının Gürcüstan üzrə daimi nümayəndəsi Robert Uotkins, qaçqınların işləri və məskunlaşdırma məsələləri üzrə nazir Georgi Xeviaşvili, etnik azlıqların məsələləri üzrə Avropa Mərkəzinin Gürcüstandakı regional nümayəndəsi Tom Triyer, habelə parlamentin insan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Yelena Tevdoradze və “Vətən” beynəlxalq cəmiyyətinin sədri Süleyman Barbakadze konfrans iştirakçılarına müraciət edəcəklər.
Konfransa müxtəlif ölkələrdə yaşayan Mesxeti türkləri icmalarının nümayəndələri də dəvət olunmuşlar.
Tədbiri BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə Mesxeti türklərinin vətənə qayıtması məsələləri üzrə Gürcüstan dövlət komissiyası, adı çəkilən Avropa Mərkəzi və Beynəlxalq “Vətən” cəmiyyəti təşkil etmişlər.
Xatırladaq ki, 1999-cu ildə Gürcüstan Avropa Şurasına daxil olarkən Mesxeti türklərinin öz tarixi vətəninə - 1944-cü ildə Stalin rejimi tərəfindən sürgün edilməzdən əvvəl yaşadıqları yerlərə qayıtmasına dair öhdəlik götürmüşdü. Bu proses 2012-ci ildə başa çatmalıdır.