Teatr Muzeyində “Azərbaycan deyəndə səni düşünürük biz!” adlı tədbir keçirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan deyəndə səni düşünürük biz!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi çərçivəsində təşkil edilən tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil olunub.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən mühazirə dinlənilib, həmçinin dahi siyasətçinin ictimai-siyasi fəaliyyətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ulu Öndərə ithaf olunmuş konsert proqramı ilə çıxış ediblər.