TƏBİB-in icraçı direktoru: Xəstəxana idarəetmə sisteminin mobil versiyası hazırlanıb
Bakı, 23 dekabr, AZƏRTAC
Xəstəxana idarəetmə sisteminin mobil versiyası hazırlanıb. İnstrumental müayinəyə dair şəkillərin bir bazada toplanması və əlçatanlığın təmin edilməsi üçün Mərkəzi PACS sistemi qurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.
V.Qurbanov qeyd edib ki, həmin sistemə hazırda 16 tibb müəssisəsinin bütün müvafiq tibbi avadanlıqları inteqrasiya edilib, sistemdə 400 minə yaxın pasiyentin məlumatları yerləşdirilib: “E-tabib” xəstəxana idarəetmə sisteminin, İT infrastrukturunun təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı da uğurla addımlar atılıb. Xəstəxana idarəetmə sisteminin mobil versiyası da hazırlanıb. Bu sistem sayəsində həkimlər hər yerdən pasiyent məlumatlarına sürətli və təhlükəsiz çıxış əldə edirlər ki, bu da diaqnostika və müalicə proseslərini xeyli sürətləndirir. Eyni zamanda, pasiyentlərin tibbi tarixçəsinə dərhal çıxış imkanının olması həkimlərə fərdi yanaşmanı təmin etməyə və daha effektiv müalicə üsulları tətbiq etməyə imkan verir. Sözügedən sistemin 2025-ci ilin birinci rübündən başlayaraq tətbiq edilməsi planlaşdırılır”.