TƏBİB Yevlaxda qida zəhərlənməsindən öldüyü bildirilən gənclə bağlı məlumat açıqlayıb – YENİLƏNİB
Bakı, 30 iyul, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yevlaxda qida zəhərlənməsindən öldüyü bildirilən 16 yaşlı gənclə bağlı məlumat verilib.
TƏBİB-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 28-i saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Əsgərova küçəsi ərazisindən çağırış qeydə alınıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
12:08
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir. Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Müxbir - Günel Türksoy