“Təhlükəsiz yol, yaxşı yol” layihəsinə start verilib
Bakı, 21 yanvar, AZƏRTAC
Bakı şəhəri Binəqədi rayon Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilib.
Layihənin açılış mərasimində Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev və “BELC” təhsil kompleksinin direktoru Xalidşah Səlimov iştirak ediblər.
“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Birliyin sədri İmaməddin Quliyev iştirakçılara layihənin əsas məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılmasından, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanmasından, intellektual idarəetmə sistemi haqqında nəzəri və praktiki biliklərin verilməsindən, eləcə də cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva və Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev çıxış edərək bu istiqamətdə keçirilən layihələrin önəmli olduğunu və daim maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar. Onlar Bakı Nəqliyyat Agentliyinin keçirdiyi yeni layihələr və görülən işlər barəsində iştirakçıları məlumatlandırıb, sualları cavablandırıblar.
“BELC” təhsil kompleksinin direktoru və “Təhlükəsiz yol, yaxşı yol” layihəsinin təlimçisi Xalidşah Səlimov çıxış edərək, layihədə nəzərdə tutulan dərs proqramı haqqında iştirakçıları məlumatlandırıb.
Bir ay müddətində davam edəcək layihədə təcrübəli ekspert və təlimçilər tərəfindən 50-yə yaxın gənc iştirakçıya şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və digər mövzularda təlimlər və praktiki məşğələlər təşkil olunacaq.