MƏDƏNİYYƏT
TEHRANDA AZƏRBAYCAN MUSİQİSİNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki Vərziş Mədəniyyət Sarayında Azərbaycan Musiqisinə həsr olunmuş birinci beynəlxalq seminar keçirilmişdir.
İki gün davam edən, Azərbaycan və İran xalqları arasında mədəni əlaqələri daha da genişləndirmək məqsədi daşıyan seminarda ölkəmizi alimlər və musiqiçilər təmsil etmişlər.
Tədbirdə Milli Musiqi Akademiyasının prorektoru, professor Rafiq İmrani “Azərbaycan muğamlarının tarixi kökləri”, tarix elmləri doktoru Qüdrət İsmayılzadə “Azərbaycanın qədim musiqi sənəti arxeoloji tapıntılarda”, xalq artisti, professor Tofiq Bakıxanov “Müasir Azərbaycan bəstəkarlarının əsərləri Şərq ölkələrində”, sənətşünaslıq namizədləlri Şəmsi Gülməmmədova “X1X əsrdə Azərbaycanda musiqi məclisləri”, Səttar Xalıqzadə “Azərbaycan musiqisində oxuma sənətinin əhəmiyyəti”, AMEA-nın dissertantı Zakir Mirzəyev “Azərbaycan xalq musiqisində qarmon alətinin rolu” mövzularında məruzə etmişlər. Həmyerlilərimizin məruzələri böyük maraqla qarşılanmışdır.
Xalq artisti Agaxan Abdullayevin, qarmonçalan Zakir Mirzəyevin, tarzən Mircəfər Cəfərovun və kamançaçalan İsmayıl Həmidovun ifasında səslənən mahnılar seminarın gedişinə xüsusi rövnəq vermişdir.
Ölkəmizin İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbəsəli Həsənov seminarda iştirak etmişdir.