“TƏHSİLDƏ QLOBALLAŞMA VƏ İKT” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş “Təhsildə qloballaşma və İKT” mövzusunda beynəlxalq konfrans keçirilir. ADPU-nun, Təhsil Nazirliyinin Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının və Türkiyənin Haccettepe Universitetinin birgə təşkil etdikləri tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndərimiz Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Nümayəndələr Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə də əklil qoymuşlar.
Sonra konfrans öz işinə başlamışdır. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov dahi rəhbərimiz Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirmişdir.
Rektor demişdir ki, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb siyasi hadisələrin və xalqımızın milli oyanışının məntiqi yekunu idi. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca qiymətlidir.
Rektor konfransın məqsəd və məramını açıqlayaraq bildirmişdir ki, 3 gün davam edəcək tədbirdə 50-dən artıq məruzə dinləniləcəkdir.
Müasir qloballaşma şəraitində elm və təhsil və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyini qeyd edən natiq, bununla bağlı təhsil müəssisələrində mühüm layihə və proqramların həyata keçirildiyini bildirmişdir.
Sonra “Təhsil sisteminin informasiyalaşdırılmasında ali pedaqoji təhsil müəssisələrinin rolu”, “Təhsilin qloballaşmasında İKT amili” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans mayın 19-da başa çatacaqdır.