TƏKCƏ AZƏRBAYCANA DEYİL, DÜNYAYA MƏXSUS OLAN DAHİ ŞƏXSİYYƏT
AZƏRTAC xəbər verir ki, mayın 7-də Teatr Xadimləri İttifaqında dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, rejissor, ssenarist Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev” çoxseriyali filminin 10-cu seriyasi olan “Xüsusi təyinat” filminin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Prezidentin İcra Aparatının məsul işçiləri, Milli Məclisin deputatları, nazirlər, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vaqif Mustafayevin yaradıcılığı və çoxseriyalı “Heydər Əliyev” filmi haqqında qısa məlumat vermişdir.
Tədbirdə çıxış edən Milli Məclisin regional məsələlər daimi komissiyası sədrinin müavini Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən söz açmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü böyük şəxsiyyətin adı ilə bağlıdır. Həmin dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuşdur. F.Heydərov bildirmişdir ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.
Tədbirdə çıxış edən digər natiqlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul etdiklərini bildirmiş və dahi rəhbərə ümumxalq sevgisindən danışmışlar.
Vaqif Mustafayev “Xüsusi təyinat” filmini 18 dəqiqəlik xronikal tarixi-sənədli film əsasında çəkdiyini bildirmişdir. O, bu filmdə Heydər Əliyevin Baykal-Amur Magistralının (BAM) tikintisinə nəzarətini, yaxından iştirakını və ən çətin anlarda dözümlülüyünü və fədakarlığını nümayiş etdirməyə çalışdığını söyləmişdir.
Rejissor 10 seriyadan ibarət olan “Heydər Əliyev” filminin çəkilişinə 3 il gərgin əmək sərf etdiyini və bundan qürur duyduğunu bildirmişdir. O, çətinliklə də olsa Heydər Əliyevin köhnə rəhbər yoldaşlarını və dostlarını taparaq onların xatirələrini lentə köçürmüş, habelə arxiv materiallarından və şəxsi kolleksiyalarda qorunan lent yazılarından istifadə etmişdir.
Vaqif Mustafayev Heydər Əliyevin təkcə Azərbaycana deyil, bütün dünyaya məxsus olan dahi şəxsiyyət olduğunu qeyd etmiş və bunu öz filmində ön plana çəkməyə çalışdığını vurğulamışdır. Rejissor qeyd etmişdir ki, bu filmlərin 9 seriyasına məhz Heydər Əliyevin özü də tamaşa etmişdir.
Sonda film tamaşaçılara təqdim olunmuşdur.