ELM VƏ TƏHSİL
Təkmilləşdirilmiş “Məntiq” testləri kitabçası çap olunmuşdur
Bakı, 26 yanvar (AZƏRTAC). Təkmilləşdirilmiş “Məntiq” testləri kitabçası işıq üzü görmüşdür. Bu vəsait magistraturaya qəbul imtahanlarına hazırlaşanlara metodiki kömək üçün nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, magistratura səviyyəsinə qəbul imtahanlarında sualların bir hissəsini məntiqi təfəkkürü yoxlayan testlər təşkil edir. Bu testlər bakalavrın müəyyən anlayışlar, obyektlər arasındakı əlaqə və münasibətləri başa düşmək və biliklərini tətbiq etmək bacarıqlarını aşkara çıxarır.
Dünya təcrübəsində məntiqi təfəkkürü yoxlayan testlərdən bir çox sahələrdə (səhiyyə, hüquqşünaslıq, hərbi iş, təhsil sistemi və s.) müxtəlif məqsədlər üçün - kadrların seçilməsi, attestasiyası, dövlət və özəl müəssisələrə işə qəbul edilməsi və s. istifadə olunur.
Müvafiq vəsaitdən ali təhsil müəssisələrinin məzunları, tələbələr, vakant iş yerlərinə qəbul üçün imtahana hazırlaşanlar, abituriyentlər, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və ümumiyyətlə, məntiq məsələləri ilə maraqlanan bütün şəxslər də istifadə edə bilərlər.
Vəsaitdə testlərin düzgün cavabları, həll üsulları və həllinə aid göstərişlər öz əksini tapmışdır.
Eyni zamanda, vəsaitdə qəbul imtahanına hazırlıq və onun psixoloji məqamlarına aid, o cümlədən məntiqi təfəkkürün yoxlanılması üçün imtahana hazırlığa dair mütəxəssis məsləhətləri (məqalələr) verilmişdir.