İDMAN
Tələbələr Qran-Pri yarışlarında AMPK-nı dəstəkləyəcəklər
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) “İdman jurnalistikası” magistr proqramının direktoru Den Meysonla görüşüb.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev və magistr proqramının meneceri Ellada Mustafayeva da iştirak ediblər.
AMPK-nın prezidenti İlqar Rəhimov komitənin fəaliyyəti barədə qonağa məlumat verib. O qeyd edib ki, AMPK əlillərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası istiqamətində işlər həyata keçirir.
D.Meyson da öz növbəsində rəhbərlik etdiyi proqram haqqında məlumat verib. O, AMPK ilə əməkdaşlıq sahəsində təkliflər səsləndirib.
Qeyd edib ki, proqramın tələbələri AMPK-nın tədbirlərinin, o cümlədən mayın 13-14-də Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının işıqlandırılması sahəsində öz xidmətlərini göstərə bilərlər. Bununla tələbələr həm təcrübə toplayar, həm də ki, Azərbaycanda Paralimpiya Hərəkatının təbliğatı sahəsində xidmət göstərmiş olarlar.
D.Meysonun təklifləri komitənin prezidenti tərəfindən müsbət qarşılanıb. Əməkdaşlıq edilməsi barədə ilkin razılığa gəlinib.