Tələbələr üçün Qobustan Milli Tarix-Bədii Qoruğunda ekskursiya təşkil olunub
Bakı, 5 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qobustan Milli Tarix-Bədii Qoruğuna Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin ekskursiyası təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ekskursiya qoruq ərazisində inşa edilən muzeydən başlayıb. Məlumat verilib ki, muzey 2011-ci ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.
Muzeyin girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında görmək mümkündür. Rəsmlər halqavarı zolaqlar şəklində düzülüb.
Bildirilib ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.
Tələbələr zalları gəzərək ekspozisiyalarla tanış olublar.
“Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.
Sonra tələbələr qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxıblar.
Qoruğun bələdçisi tələbələrə məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan çox kurqan aşkar olunub və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılmasıdır.