ELM VƏ TƏHSİL
Tələbələrin təhlükəsizliyi diqqət mərkəzindədir
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Bakı Ali Neft Məktəbində (BANM) bu təhsil müəssisəsinin tələbələri və əməkdaşları üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib.
Tədbir Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və BANM-ın birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) vitse-prezidenti Xalik Məmmədov və FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Kənan Aşurlu, mərkəzin və BANM-nin, nazirliyin, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları, tələbələr iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanmasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında təlim kursunun əhəmiyyətindən danışıb.
FHN Bakı Regional Mərkəzi rəisinin birinci müavini, polkovnik Elşən Əliyev təlim kursu ilə bağlı fikirlərini diqqətə çatdırıb, onun səmərəli olacağına əminliyini bildirib.
Sonra “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları”, “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?” və digər mövzularda təqdimatlar olub.
İştirakçılara fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranış qaydaları, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı ətraflı məlumatlar verilib.
Tədbirin praktik hissəsi zamanı Fövqəladə Hallar Nazirliyinin qurumları, digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-nin müəllim və tələbələrinin iştirakı ilə, FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.
Hündür mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları izlənilib.