REGİONLAR
Tərtərdə “Zəfərə aparan yol” adlı tədbir keçirilib
Tərtər, 14 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Tərtər şəhərinin Mərkəzi meydanında “Zəfərə aparan yol” adlı tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbçilərin, ictimaiyyət nümayəndələrinin, məktəb şagirdlərinin, ümumilikdə 7 rayondan gəlmiş qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra müstəqillik dövründə çəkilmiş fotolardan və yazılmış bədii kitablardan ibarət sərgilərlə tanışlıq olub. Tədbirdə, həmçinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi ilə birlikdə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi həyata keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəqillik uğrunda apardığı mübarizədən, onun məqsədyönlü siyasətindən söhbət açılıb, Azərbaycan xalqının əldə etdiyi Zəfərdən bəhs edilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Prezident İlham Əliyevin iradəsi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir.
Sonra iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsilə ürək sözlərini yazıb və məktəblilərin bağışladığı bədii kitablar “N” saylı hərbi hissənin rəhbərliyinə təqdim olunub.
Yekunda “Zəfərə aparan yol” layihəsinin rəhbəri və üzvlərinə təşəkkürnamələr təqdim edilib.