Texnobloger: “mygov” platforması əhəmiyyətli dərəcədə inkişaf edib
Bakı, 30 iyul, AZƏRTAC
Dövlət qurumlarının fərdi portal və mobil tətbiqlərinin mərhələli şəkildə “mygov” platformasına inteqrasiya olunmasının həm vətəndaşlar, həm də dövlət üçün mühüm üstünlükləri var. Vətəndaşlar bütün rəqəmsal dövlət xidmətlərindən vahid platforma vasitəsilə istifadə etmək imkanı əldə edirlər. Sosial, tibbi, daxili işlər və digər dövlət xidmətləri “vahid pəncərə” prinsipi əsasında “mygov” platformasında bir araya gətirilir. Bu, istifadəçilər üçün daha rahatdır. Belə ki, vətəndaş hər bir dövlət xidməti üçün mobil telefonunda ayrıca tətbiq saxlamaq məcburiyyətində qalmır. Çoxsaylı tətbiqlərin istifadəsi həm cihazda əlavə yüklənməyə, həm də rəqəmsal mühitdə pərakəndəliyin yaranmasına səbəb olur. Halbuki həmin xidmətlər tətbiqlərarası inteqrasiya vasitəsilə rahatlıqla “mygov” platformasında təqdim edilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas söyləyib.
Onun sözlərinə görə, bu model müəyyən mənada Türkiyənin e-devlet platforması yanaşmasına bənzəyir və dünya praktikasında da geniş tətbiq olunur. O bildirib ki, Azərbaycan da bu istiqamətdə kifayət qədər irəlidədir: “Artıq bir çox rəsmi sənəd rəqəmsal status qazanıb, “mygov” platforması isə əhəmiyyətli dərəcədə inkişaf edib. Bunun məntiqi nəticəsi kimi, e-sosial tətbiqi fəaliyyətini dayandıraraq bütün xidmətlərini “mygov” platforması üzərindən təqdim etməyə başlayıb. Bu yanaşma dövlət üçün də mühüm üstünlüklər yaradır. Vahid proqram təminatı vasitəsilə xidmətlərin göstərilməsi, məlumat bazalarının mərkəzləşdirilmiş qaydada idarəolunması, istifadəçi davranışlarının daha effektiv təhlili və ümumi koordinasiyanın təmin edilməsi mümkün olur. Beləliklə, hər bir dövlət qurumunun ayrıca hesabat və məlumat sistemi formalaşdırmasına ehtiyac azalır. Bu baxımdan dövlət qurumlarının xidmətlərini mərhələli şəkildə “mygov” platformasına inteqrasiya etməsi məntiqli və məqsədəuyğun addım kimi qiymətləndirilməlidir”, - deyə F. Pərdəşünas bildirib.
Müxbir - Günel Türksoy