İDMAN
“The Jakarta Post”: Bakı birinci Avropa Oyunlarına hazırdır
Bakı, 12 iyun, AZƏRTAC
2008-ci ildə maliyyə böhranına məruz qalaraq böhran yaşayan Avropa yenidən dünya idmanının diqqət mərkəzinə çevrilib. İdmanda birinciliyini geri qaytarmağa çalışan Avropa Olimpiya Komitəsi (AOK) birinci Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi barədə qərar qəbul edib”.
AZƏRTAC xəbər verir ki, bu fikir “The Jakarta Post” qəzetində dərc olunan məqalədə yer alıb. Kütləvi idman bayramının iyunun 12-də Bakıda başlanacağının qeyd olunduğu yazıda bildirilir ki, Avropanın 50 ölkəsindən 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. Oyunlara 12500 könüllü cəlb olunub. Bağlanış mərasimi iyunun 28-də keçiriləcək.
Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun sözlərinə istinad edilərək bu Oyunlara ev sahibliyinin Azərbaycan üçün böyük uğur olduğu və ölkənin zəngin mədəniyyətini və qonaqpərvərliyini göstərmək üçün nadir imkan yaratdığı diqqətə çatdırılıb. Həmçinin Oyunların keçirilməsi üzrə Təşkilat Komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi vurğulanıb.
Məqalədə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin “The Jakarta Post” qəzetinə müsahibəsi də yer alıb: “Biz gənc ölkəyik, lakin böyük Avropa Oyununu keçirməyə hazırıq. Gələn il Azərbaycan “Formula-1” Avropa Qran-prisinə ev sahibliyi edəcək. Daha sonra - 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları baş tutacaq.
Qeyd edilib ki, Bakıda qızıl medal qazananlar avtomatik olaraq Rio Olimpiadasına qatılacaqlar.
.