Tibb Universitetində ödənişsiz seminarlar keçirilir
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) terapevtik stomatologiya kafedrasında ödənişsiz seminarlar keçirilir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən kafedranın müdiri, professor Ağa Paşayev seminarların əhəmiyyətini vurğulayıb, burada tanınmış mütəxəssislərin öz təcrübələri ilə bölüşəcəklərini qeyd edib: “Çalışmışıq ki, mövzular müasir, maraqlı və hər biriniz üçün faydalı olsun. Seminarın gündəliyinə iki mövzu daxil edilib: “İnterdistiplinar planlaşma: funksional və estetik nailiyyət” və “Endodontik müalicə zamanı buraxılan səhvlər və araşdırmalar”. Düşünürəm ki, hər iki mövzu çox aktualdır”.
Xəstəyə təkcə terapevt, ortoped və yaxud cərrah kimi yanaşmağın doğru olmadığını deyən kafedra müdiri, ümumi bir kompleks müalicəyə üstünlük verməyin zəruriliyini vurğulayıb: “Endodontik müalicə ilə bağlı suallar həmişə yaranır və tələbələri düşündürür. Hələ ki, kariyeslə mübarizə aparırıq. Müəyyən nailiyyətlər əldə edilsə də, tam müsbət nəticə yoxdur. Ona görə də diqqətinizə çatdırılan mövzular barədə təcrübəli müəllimlərimizin məruzələrindən çox şey öyrənəcəyinizə əminəm”.
Sonra çıxış edən universitetin dosenti Ramiz Əhmədbəyli çıxış edərək Azərbaycanda uzun müddətdir ki, stomatoloji ictimai birliklərin fəaliyyət göstərdiyini, həmin birliklərin təşkilatçılığı ilə müxtəlif konfrans, konqres və seminarların keçirildiyini deyib: “Biz də istərdik ki, tələbələrimiz istər diplom öncəsi, istərsə də diplom sonrası o toplantılarda iştirak etsinlər. Lakin bəzi güzəştli şərtlərə baxmayaraq, tələbələrimizin hamısı ödənişli olan o toplantılara qatıla bilmir. Bu səbəbdən də klinikamızın rəhbərliyi ilə bu məsələ ətrafında müəyyən söhbətlərimiz oldu və qərara gəldik ki, mütəmadi olaraq tələbələr, eləcə də rezidentlər üçün ödənişsiz seminarlar təşkil edək. Yəni beynəlxalq konqreslərdə iştirak edən müəllimlərimiz öz təcrübələrini tələbələrimizlə, gənc həkimlərimizlə paylaşsınlar”.
Seminar mövzular ətrafında müzakirələrlə davam etdirilib.