Tibb Universitetində rezidentlərin yekun imtahanlarında planlaşdırılan dəyişikliklər barədə məlumat verilib
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Treninq Mərkəzində müvafiq ixtisaslara uyğun kafedraların müəllimləri ilə rezidentlərin yekun qiymətləndirilməsinə dair treninq keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, treninqdə çıxış edən rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədov bu ildən etibarən rezidentlərin yekun imtahanlarında müəyyən dəyişikliklərin planlaşdırıldığını qeyd edib. Şöbə müdiri məxfilik qorunmaqla tam qapalı şəkildə tərtib edilmiş test tapşırıqlarının aprel ayına qədər təqdim edilməsinin məqsədəuyğun olduğunu deyib. O vurğulayıb ki, testi tərtib edərkən sonda ədəbiyyat siyahısı və testi hazırlayan müəllimlərin adı və soyadı mütləq göstərilməlidir.
Sonra təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov yeni tipli test tapşırıqlarının tərtibinə dair dəyişikliklər barədə məlumat verib və treninq iştirakçılarını yeni qaydalarla tanış edib.
Rezidentlərin yekun imtahanlarında planlaşdırılan dəyişikliklərin mahiyyətini izah edən A.Qurbanov rezidentlərin yekun imtahanlarında 150 klassik və 20 yeni tipli test tapşırığı tərtib olunmasının zəruriliyini diqqətə çatdırıb: “Klassik test tapşırıqlarının 30 faizi, yəni təqribən 50-si situasiya testləri kimi tərtib ediləcək. Rezidentlərin yekun qiymətləndirilməsinin digər mərhələsi isə ənənəvi olaraq bacarıq imtahanlarından ibarət olacaq. Dörd ixtisas - cərrahiyyə, terapiya, mamalıq-ginekologiya və pediatriya üzrə bacarıq imtahanlarının Obyektiv Strukturlaşmış Klinik İmtahan (OSKİ) üsulu ilə keçirilməsi planlaşdırılır”.
Sonra tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırılıb, həmçinin OSKİ ilə əlaqədar hazırlıq məsələləri müzakirə edilib.