ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları çöl torpaq tədqiqatlarını yerinə yetiriblər
Bakı, 1 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları aqrar elmlər üzrə fəlsəfə doktorları Svetlana Eyyubova, Elton Məmmədov, Əli İbrahimov, Firozə Ramazanova “Şirvan düzü becərilən torpaqların münbitlik göstəricilərinin məkan daxilində dəyişkənliyinin tədqiqi” mövzusunda çöl torpaq tədqiqatlarını yerinə yetiriblər.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, “Geostatistika”-da istifadə edilən metodun vasitəsi ilə torpağın fiziki, kimyəvi, bioloji xassələrinin paylanma xüsusiyyətlərinin tədqiqi institutun Ucar Dayaq Məntəqəsinin ərazisində aparılıb. Ərazidə GPS istifadə olunmaqla elementar sahələr ayrılmış və CİS-lə bağlanan nizamlı kəsim nöqtələrinin koordinatları müəyyən edilib.
Bölgü aparılmış şəbəkə daxilində bitki və torpaq örtüyünün vəziyyəti vizual müşahidələr əsasında müəyyənləşdirilib və səciyyəvi nöqtələr seçilib. Hər xarakter nöqtə ətrafında dörd fərqli istiqamətdə torpaq kəsimləri qoyulub və torpaq nümunələri toplanılıb. Çöl şəraitində torpağın tənəffüsü yonca, qarğıdalı, amarant, sorqo, soya bitkiləri altında təyin edilib. Bununla yanaşı torpaqda ağır metalların (Pb, Hg, Zn, Cu və s.) yayılmasını və mikroorqanizmlərin miqdarını müəyyən etmək üçün fərqli torpaq qatlarından nümunələr götürülüb.
Tədqiqatlar zamanı toplanan 500-dən çox torpaq nümunələri instituta gətirilib və hazırda nəzərdə tutulan analizlər üçün hazırlanır.