ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriyaları hesabat veriblər
![](/files/galleryphoto/2019/3/1200x630/15720830313232358920_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720830311852650292_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720830312232031832_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq örtüyünün strukturu laboratoriyası 2019-cu ilin yekun hesabatını təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, laboratoriya müdiri Vilayət Həsənov “Respublikanın çay vadilərində və dağlıq ərazilərdə torpaq örtüyü strukturlarının və torpaq xassələrinin müasir texnologiyalar (məsafədən GİS) əsasında tədqiqi” mövzusunda 6 işin yerinə yetirildiyini qeyd edib.
Torpaq aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyasının müdiri Qoşqar Məmmədov hesabat ilində “Müxtəlif aqrosenozlarda torpaqların münbitlik parametrlərinin tədqiqi, mineral və üzvi gübrələrin tətbiqinin səmərəliliyi” mövzusunda 4 iş üzrə araşdırma aparıldığını bildirib. Qeyd olunub ki, laboratoriyanın əməkdaşları elmi-tədqiqat işlərini Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində aparıblar. Müxtəlif aqrosenozlar (meyvə, tərəvəz, dənli taxıl bitkiləri) altında aparılmış 3 illik tədqiqatlarda bitki məhsuldarlığına və məhsulların keyfiyyətinə müsbət təsir göstərən mineral və üzvi gübrələrin səmərəli norma və nisbətləri müəyyənləşdirilib.
Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olunaraq səsə qoyulub və yekdilliklə qəbul edilib.