İDMAN
“Tur de Azərbaycan - 2014” veloyürüşünün birinci mərhələsinin liderləri məlum olmuşdur VİDEO
Sumqayıt, 7 may (AZƏRTAC). Mayın 7-də Azərbaycanda növbəti iri idman yarışı - UCI 2.1 kateqoriyalı “Tur de Azərbaycan” beynəlxalq veloturu start götürmüşdür. İlk belə veloyürüş iki il əvvəl yaşı 23-dən çox olmayan gənc velosipedçilər arasında keçirilmişdir. Bir il sonra qitə komandaları arasında “Tur de Azərbaycan” keçirilmişdir. Hər iki veloyürüşün təşkilati səviyyəsi UCI tərəfindən yüksək qiymətləndirilmişdir. Odur ki, “Tur de Azərbaycan” veloyürüşünə daha yüksək 2.1 kateqoriyası verilmişdir. Bununla əlaqədar olaraq, budəfəki veloyürüşdə qitə və milli komandalarla bərabər, qitə miqyaslı komandalar çıxış edirlər. “Tur de Azərbaycan - 2014” yarışlarında 25 komandanın tərkibində dünyanın 22 ölkəsindən 150 velosipedçi yarışır.
AZƏRTAC xəbər verir ki, bu gün Bakıda, Dövlət Bayrağı Meydanında yarışların birinci mərhələsi start götürmüşdür. 154 kilometr məsafə qət edən veloyürüşçülər Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçərək Sumqayıtda finişə çatmışlar.
Bu mərhələdə qələbə sevincini Kenni Van Hummel (Niderland) yaşamışdır. Vitali Buts (Ukrayna) ikinci yeri, David Viqano (İtaliya) üçüncü yerləri tutmuşlar. Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının velosipedçisi Maksim Averin finişə dördüncü gəlmişdir.
Sumqayıtın əsas meydanında qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın təşkilat komitəsinin başçısı Sahib Ələkbərov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak etmişlər.
Bu mərhələnin yekunlarına görə, Niderland velosipedçisi sprinter yarışı liderinin yaşıl maykasını əldə etmişdir. Ukraynalı V.Buts dağ təsnifatı yarışında qırmızı mayka geyinmişdir. Ağ mayka geyinmiş Aleks Freyn ən yaxşı gənc velosipedçi adı uğrunda mübarizədə irəlidədir.
“Tur de Azərbaycan - 2014” veloyürüşünün birinci turunun yekunları ilə bağlı mətbuat konfransı keçirilmişdir. Turun qalibi, niderlandlı Kenni Van Hummel jurnalistlərin suallarına cavab verərək bildirmişdir ki, yarışlara hazırlıq ən yüksək səviyyədədir, yollar yaxşı vəziyyətdədir. Sprinter demişdir: “Qarşıdan əsən külək çətinliklər yaratsa da, 5 dəqiqədən sonra buna alışdım. Mübarizə gərgin oldu. Sabah yenə yola çıxıb, yürüşün ikinci mərhələsində iştirak edəcəyəm”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, təşkilat komitəsinin başçısı Sahib Ələkbərov jurnalistlərin “Komandamızın göstərdiyi dördüncü nəticəni uğurlu saymaq olarmı?” sualına cavabında demişdir: “Bizim vəzifəmiz mümkün qədər yaxşı çıxış etməkdir. Bu, idmandır. Birinci tur mübarizənin nə dərəcədə gərgin mübarizə şəraitində keçdiyini göstərdi. Çox çətin olacaq, amma məqsədimiz, təbii ki, ən yüksək yerləri tutmaqdır”.
Yarışlara yüksək səviyyədə hazırlaşdığına görə Sumqayıt rəhbərliyinə minnətdarlığını bildirən S.Ələkbərov idmançıları fəal dəstəkləyən azarkeşləri xüsusi qeyd etmişdir.
Qeyd edək ki, “Tur de Azərbaycan 2014” mayın 7-dən 11-dək keçiriləcəkdir.