İQTİSADİYYAT
“TÜRK DİLİ VƏ ƏDƏBİYYATI OXUMA ODASI” AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Türk dili və ədəbiyyatı oxuma odası” yaradılmışdır.
Açılış mərasimində ADPU-nun rektoru, professor Bəhlul Ağayev təhsilimizin inkişafında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən, hazırda bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır.
Universitetdə 400-dək türkiyəli tələbənin təhsil aldığını xatırladan rektor onlar üçün lazımi şərait yaradıldığını, türk dili və ədəbiyyatının, türk tarixinin daha yaxşı öyrənilməsində oxuma odasından geniş istifadə ediləcəyinə əminliyini bildirmişdir.
Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz xalqlarımız arasındakı mehriban dostluq, qardaşlıq münasibətlərindən bəhs etmiş, təhsil sahəsində əlaqələrin əhəmiyyətini vurğulamışdır.
Sonra iştirakçılar kömpüter və digər lazımi avadanlıqla təmin edilmiş oxuma odası ilə tanış olmuşlar.