Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
Ankara, 18 yanvar, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev Macarıstanda səfərdə olub.
Şuranın katibliyindən AZƏRTAC-a verilən məlumata görə, baş katib səfər çərçivəsində Macarıstan Parlamentinin sədri Laslo Köver və bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Görüşlərdə Macarıstanın TDƏŞ-də müşahidəçi statusu ilə təmsil olunmasının əhəmiyyətindən danışılıb. Türkdilli ölkələrin ortaq təşkilatlar çərçivəsində Macarıstanla əməkdaşlığı yüksək dəyərləndirilib. TDƏŞ-in Macarıstanda nümayəndəliyinin yaradılmasına dair səmərəli fikir mübadiləsi aparılıb.
Baş katib məlumat verib ki, 2019-cu ildə Zirvə toplantısı Azərbaycanda keçiriləcək. Tərəflər Özbəkistan və Türkmənistanın da bu toplantıda təmsil olunmalarını arzuladıqlarını ifadə ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara