TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ VIII ZİRVƏ GÖRÜŞÜ
Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda və 2001-ci ildə İstanbulda keçirilmişdir.
Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər zirvə görüşünün keçirildiyi Konqres Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevi və Türkmənistanın Türkiyədəki səfiri Nurbeldı Amanbuladovu böyük hörmət və ehtiramla qarşıladı.
Zirvə görüşünü açan Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamladı, onları dövlət müstəqilliklərinin 15 illiyi münasibətilə təbrik etdi. Prezident Əhməd Necdət Sezər 1992-ci ildəki ilk zirvə görüşündən keçən 14 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin və işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söylədi, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirdi. O dedi ki, dünyada mühüm dəyişikliklər baş verir və bunlar bölgəmizə, ölkələrimizə də təsir edir. Bu prosesdə öz dəyərlərimizi itirməmək və zəmanədən geri qalmamaq üçün uzunmüddətli siyasət yürütməliyik.
Türkiyənin dövlət başçısı beynəlxalq terrorizmin, dini radikalizmin, separatizmin, qanunsuz miqrasiyanın, narkotik maddələr qaçaqmalçılığının və digər mütəşəkkil cinayətkarlığın Avrasiya bölgəsinin inkişafı və sabitliyinə təhlükə yaratdığını bildirdi.
Cənubi Qafqazda həqiqi sülhün, tərəqqi və əməkdaşlıq mühiti yaradılmasının yalnız Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllindən asılı olduğunu vurğulayan Prezident Əhməd Necdət Sezər Türkiyənin bu sahədə qardaş Azərbaycanı bundan sonra da qətiyyətlə dəstəkləyəcəyini söylədi.
Türkiyə Prezidenti onu da vurğuladı ki, sağlam təməllər üzərində qurulan bu zirvə görüşləri ölkələrimiz arasındakı dostluq və qardaşlığın daha da möhkəmlənməsinə, bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə nitq söylədi.
Prezident İlham Əliyevə dərin məzmunlu çıxışına görə təşəkkür edən Prezident Əhməd Necdət Sezər türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin keçirilməsində xüsusi xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla andığını bildirdi. Türkiyə rəhbəri bir daha vurğuladı ki, Azərbaycan torpaqlarının beynəlxalq hüquq normaları əsasında tezliklə işğaldan azad edilməsini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayırıq.
Sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistan nümayəndə heyətinin rəhbəri adından bu ölkənin Ankaradakı səfiri Nurbeldı Amanbuladov çıxış etdilər.
Prezident Nazarbayev türkdilli ölkələrin siyasi, iqtisadi və mədəni əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini vurğuladı. O, Qazaxıstanın türkdilli dövlətlərlə kosmos sahəsində tədqiqatlar aparmağa hazır olduğunu bildirərək dedi ki, bu il biz ilk peykimizi buraxmışıq, 2008-ci ildə isə ikincisini buraxmağı nəzərdə tuturuq. Bu istiqamətdə birgə fəaliyyət göstərə bilərik.
Prezident Kurmanbek Bakiyev Orta Asiya dövlətlərinin nəqliyyat yollarından kənarda qalmaması üçün nəqliyyat və rabitə sahəsində layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. O, çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoqun vacibliyini xatırlatdı və əmin olduğunu bildirdi ki, zirvə görüşündə qəbul ediləcək qərarlar türkdilli ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.
Səfir Nurbeldı Amanbuladov Türkmənistan Prezidentinin zirvə görüşü iştirakçılarına salamlarını çatdırdı, Antalya görüşündə qəbul ediləcək qərarların dost və qardaş ölkələr arasında işbirliyinə töhfə verəcəyini söylədi.
Sonra türkdilli ölkələrin dövlət başçıları birgə xatirə şəkli çəkdirdilər.
Fasilədən sonra Türkiyə Prezidenti Əhməd Necdət Sezərin adından türkdilli ölkələrin dövlət başçılarının şərəfinə nahar verildi. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edirdi.