“Türkiyə axını” kəmərinin birinci xəttində dəniz hissəsinin tikintisi başa çatıb
Bakı, 30 aprel, AZƏRTAC
Bu gün Türkiyənin Qara dəniz sahillərində “Türkiyə axını” kəmərinin birinci xəttində dəniz hissəsinin tikintisi başa çatıb.
AZƏRTAC “Qazprom” şirkətinin məlumatına istinadla xəbər verir ki, “Türkiyə axını” layihəsi Rusiyanın və Türkiyənin Qara dəniz sahillərində qrafikə uyun şəkildə həyata keçirilir. Kıyıköy limanı yaxınlığında (Türkiyə) qaz qəbulu terminalı tikilir. Sahilə yaxın hissələrdə tikinti başa çatandan sonra kəmərin birinci xətti üzrə işlər tamamlanacaq. Plana görə, “Pioneering Spirit” gəmisi 2018-ci ilin üçüncü rübündə qaz kəmərinin ikinci xəttinin düzülməsini davam etdirəcək.
“Qazprom” Publik Səhmdar Cəmiyyətinin (RSC) İdarə Heyətinin sədri Aleksey Miller deyib: “Türkiyə axını” layihəsinin həyata keçirilməsi uğurla davam edir. Bir mühüm mərhələ arxada qalıb - qaz kəmərinin birinci xətti tikilib. Tikinti işləri yüksək sürətlə gedir. Boruların düzülməsinə 2017-ci il mayın 7-də başlanıb. O vaxtdan bəri kəmərin iki xətti üzrə 1161 kilometr boru düzülüb. Bu, “Türkiyə axını” kəmərinin ümumi uzunluğunun 62 faizi deməkdir. Şübhə yoxdur ki, bu kəmər Türkiyənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq”.
` “Türkiyə axını” qaz kəməri Qara dənizdən keçməklə Rusiyadan Türkiyəyə, daha sonra Türkiyənin onunla həmhüdud ölkələrlə sərhədinə qədər uzadılacaq. Qaz kəmərinin birinci xətti Türkiyə bazarı üçün , ikinci xətti isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Bu xətlərdən hər biri ildə 15,75 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Qaz kəmərinin dənizdəki hissəsinin tikintisi 2017-ci il mayın 7-də başlanıb. Bu işləri “Qazprom” PSC-nin törəmə müəssisəsi olan “South Stream Transport B.V.” şirkəti yerinə yetirir.