“TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ XXI ƏSRDƏ” FORUMUNUN İŞTİRAKÇILARINA
Sizi – Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına dəstək vermək məqsədi ilə Ankara şəhərində toplanmış bütün nümayəndələri ürəkdən salamlayır, forumun işinə uğurlar diləyirəm.
Forumun iki qitəni birləşdirən, regionda və dünyada böyük nüfuzu, iqtisadi, siyasi və mədəni potensialı ilə seçilən Türkiyədə keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm.
Azərbaycanda Türkiyə dövlətinə, onun vətənpərvər, qəhrəman və zəhmətsevər xalqına həmişə yüksək məhəbbət bəslənmiş, onunla əlaqələrə xüsusi diqqət göstərilmişdir. Türkiyədə də böyük Atatürkdən başlanan Azərbaycan sevgisi ilbəil yüksəlmiş və bu gün real məzmun kəsb edərək praktiki işə çevrilmiş, xalqlarımız və dövlətlərimiz arasında möhkəm və qırılmaz qardaşlıq körpüsü salınmışdır. Keçən on ildə həm Türkiyə, həm də Azərbaycanın dövlət rəhbərləri qarşılıqlı əlaqələrimizi gücləndirmək, xalqlarımızın daha da yaxınlaşmasını, qardaşlaşmasını təmin etmək üçün əllərindən gələni etmişlər. Sevindirici haldır ki, indi bu işlərə dövlət adamları, rəsmi strukturlarla yanaşı, həm də hər iki ölkənin ictimaiyyət nümayəndələri, qabaqcıl iş və düşüncə adamları, sadə vətəndaşlar da qoşulmuşdur.
Azərbaycan dövləti, başda xalqımızın lideri Heydər Əliyev olmaqla ölkəmizin iqtisadi inkişafını, Qərbə inteqrasiyasını, Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılmasını, Bakı-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinin reallaşdırılmasını, böyük “İpək yolu” adlandırılan Avropa-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin bərpası və işə salınmasını, regionda geniş enerji mübadiləsi yaradılmasını və sair böyük layihələri bütün çətinliklərə və maneçiliklərə baxmayaraq, Türkiyə ilə bağlamış və onun iştirakı ilə reallaşdırmışdır.
Bundan başqa, Azərbaycanda bütün böyük layihələrin həyata keçirilməsinə, tikinti, nəqliyyat, xidmət müəssisələrinin inşasına Türkiyənin iş adamları cəlb edilmiş, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır.
Biz bundan sonra da Azərbaycanın bütün imkanlarından qardaş Türkiyə dövlətinin və türk xalqının iqtisadi inkişafının, sosial rifahının və firavan həyatının təmin olunması üçün istifadə edilməsi əzmindəyik. Hesab edirəm ki, Türkiyə dövləti və xalqı da indiyə qədər olduğu kimi, Azərbaycanın mövcud problemlərinin həllinə, xüsusən onun pozulmuş ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasına öz yardımını davam etdirəcəkdir. İnanıram ki, iki qardaş ölkə arasındakı əlaqələr yenicə qədəm qoyduğumuz XXI əsrdə daha geniş vüsət alacaqdır.
Türkiyənin mühüm dövlət adamlarının, millət vəkillərinin, məşhur elm, mədəniyyət xadimləri və ziyalılarının, qabaqcıl iş adamlarının qatıldığı bugünkü forum da xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Əmin olduğumu bildirirəm ki, toplantıda ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələr hərtərəfli araşdırılacaq, bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün mühüm təkliflər səslənəcəkdir.
Bir daha forum iştirakçılarına Azərbaycan xalqının və hökumətinin salamlarını çatdırır, toplantının işinə müvəffəqiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2003-cü il