TÜRKİYƏ İLƏ HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Azərbaycan Respublikası və qardaş Türkiyə Cümhuriyyəti arasında bərqərar olunmuş strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi sahədə əlaqələr xüsusi yer tutur. Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci ilin martında Türkiyəyə rəsmi səfəri zamanı Türkiyə və Azərbaycan ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması ölkələrimizin hüquqi sahədə əlaqələrinin inkişafına təkan vermiş, ötən il Türkiyə Respublikası ədliyyə nazirinin Azərbaycana işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” müqavilə imzalanmış, ölkələrimizin ədliyyə nazirliklərinin işgüzar əlaqələri daha da möhkəmlənmişdir. Bu il iyulun 3-də Türkiyənin yeni ədliyyə naziri, hökumət sözçüsü və Təhlükəsizlik Şurasının üzvü Cəmil Çiçək Bakıya iki günlük səfərə gəlmişdir. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüş zamanı qonağa ölkəmizdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı barədə ətraflı məlumat verilmiş, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran konkret məsələlər müzakirə edilmişdir. Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərən qonaq hüquqi sahədə əməkdaşlığın qarşılıqlı surətdə faydalı olmasını bildirmişdir. Sonra Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında ədliyyə fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq Proqramı imzalanmışdır. İmzalanma mərasimindən sonra mətbuat üçün məlumatla çıxış edən nazirlər ölkələrimizin hüquqi sahədə əməkdaşlığının daha da möhkəmləndirilməsində bu sənədin rolunun və onun həyata keçirilməsində hər iki tərəfin üzərinə düşən mühüm vəzifələri qeyd etmiş, Əməkdaşlıq Proqramının ədliyyə nazirliklərimiz arasında hərtərəfli əlaqələrin daha da inkişafına xidmət etdiyini vurğulamışlar. Türkiyə nümayəndə heyəti nazirlikdə “Azərbaycan ədliyyəsinin tarixi muzeyi”, Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş maraqlı ekspozisiyalarla tanış olmuşdur. Qonaqlara Azərbaycan dövləti, onun hüquq sistemi və ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış vəsait təqdim olunmuşdur. Həmin gün hörmətli qonaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və baş prokuror Zakir Qaralovla da görüşmüşdür.