Türkiyə ilə sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş yenilənir
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair 1998-ci il iyulun 17-də imzalanmış sazişin müasir dövrün tələblərinə uyğun yenilənməsi işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd saziş çərçivəsində hər iki ölkə vətəndaşlarının sosial müdafiə alətləri ilə əhatə olunma dairəsinin genişləndirilməsidir.
Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti qardaş Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində olub. İki nazirliyin ekspertləri arasında keçirilən görüşdə həmin sazişin yeni layihəsinin mətni razılaşdırılıb və hazırda sənəd üzərində qarşılıqlı olaraq texniki düzəlişlər həyata keçirilir.
Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem, Türkiyə Sosial Müdafiə Qurumunun sədri Raci Kaya ilə görüşləri olub.
Görüşlərdə iki ölkə arasında mövcud olan möhkəm qardaşlıq və dostluq münasibətlərinin sosial müdafiə sahəsini də əhatə etdiyi vurğulanıb və əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Yenilənmiş saziş layihəsi hər iki ölkə vətəndaşlarının pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığı nəzərdə tutur.