TÜRKİYƏ İRAQDAKI PKK YARAQLILARINA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRDIR
O, mayın 2-də Ankarada keçirilmiş mətbuat konfransında demişdir ki, ölkənin cənub-şərqində qoşunların gücləndirilməsi PKK-nın fəallaşması ilə bağlıdır. Terrorçu PKK qruplaşmasının 2006-cı ildə fəallaşması və onun yaraqlılarının zorakılıq planları barədə bizdə məlumatlar var. Buna görə də regionda qoşunlar xeyli gücləndirilmişdir. O əlavə etmişdir ki, hər bir suveren dövlət kimi, Türkiyənin də öz sərhədlərini gücləndirmək üçün tədbirlər görmək hüququ var. Türkiyə Silahlı Qüvvələri təhlükənin tamamilə aradan qaldırılması üçün zəruri tədbirlər görəcək, sərhədlərinin təhlükəsizliyini təmin edəcəkdir.
General transsərhəd əməliyyatlarının həyata keçirilməsinin mümkünlüyü barədə suala cavab verərək demişdir ki, əgər şərait tələb edərsə, Türkiyə belə əməliyyat aparmaq üçün öz hüquqlarından, o cümlədən beynəlxalq hüquqlarından istifadə edəcəkdir.
Türkiyə ordusu aprelin ortalarından ölkənin cənub-şərqində son illər ən iri antiterror əməliyyatı aparır. Orada 250 minlik quru qoşunları, xüsusi təyinatlı “Komandos” bölmələri yerləşdirilmişdir.
Xüsusi təyinatlıların keçirdiyi əməliyyatlar çərçivəsində PKK-nın əsas bazaları yerləşən Şimali İraqla sərhəd rayonları yaraqlılardan təmizlənir. Türkiyə ilə həmsərhəd ərazidə 3 min kürd yaraqlısı var.
20 ildən artıqdır Türkiyənin cənub-şərqində Kürdüstan dövləti yaratmağa səy göstərən PKK ilə münaqişə nəticəsində 37 mindən çox adam həlak olmuşdur.