Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa media forumundakı çıxışını geniş işıqlandırıb
Ankara, 20 iyul, Günel Karatepe, Ramin Abdullayev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “TRT”, “Haber Global, “DHA”, “İHA”, “Haberler.com” kimi bir sıra media qurumları, “Milliyet”, “Cumhuriyyet”, “Yeni Şafak” qəzetləri, eləcə də bir çox müxtəlif formatda fəaliyyət göstərən media qurumları dövlətimizin başçısının səfərinə diqqət ayırıblar.
“Əliyev İkinci Şuşa Qlobal Media Forumunda iştirak etdi”, “Azərbaycan Prezidenti Əliyev: Biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq”, “Əliyevin Türk Dövlətləri Təşkilatına vurğusu: Dünya miqyasında güc mərkəzinə çevirməliyik”, “Əliyev: Ermənistan ilə sülh sazişinin mətninin təxminən 90 faizi razılaşdırılıb”, “Əliyevdən Şimali Kipr mesajı” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin forumda çıxışı zamanı ifadələrinə istinadlar edilib.
Yazılarda Azərbaycan Prezidentinin çıxışından sitatlar gətirilərək “Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik”, “Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir”, “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”- kimi ifadələrinə geniş yer verilib.
Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişafına baxışı haqqında ifadələrinin sitat gətirildiyi məqalələrdə bu təşkilatın çox böyük gələcəyinə əminliyini ifadə edildiyi bildirilib: “Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq”.
Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə bağlı fikirlərinə diqqət çəkilən məqalələrdə dövlətimizin başçısının Şimali Kiprin Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusuna malik olduğu və Zirvə görüşlərində bu statusla iştirak etdiyinə dair ifadələri yer alıb: “Ancaq ilk dəfə olaraq bu tədbirdə öz bayrağı ilə iştirak etmişdi. Burada biz qardaşlıq borcumuz nədirsə, onu da etdik. Hesab edirəm ki, hörmətli Ersin bəyin bu toplantıda iştirakı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinə doğru atılan önəmli bir addımdır. Biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq”.
Xəbərlərdə Azərbaycan Prezidentinin bəzi Avropa ölkələrinin ölkəmizə qarşı qərəzli münasibət bəslədiyini vurğuladığı, əvvəllər Qərbin bu münasibətinə təəccübləndiyimiz, lakin indi məhəl qoymadığımız, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolunun böyük ölkələrin diktəsi altında yaşamaq olduğunu, amma Azərbaycanın fərqli və çətin yol seçdiyinə dair fikirləri yer alıb. Bildirilib ki, Azərbaycanın öz yolu ilə, müstəqil şəkildə irəliyə doğru addımlayır.
Xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycan - Ermənistan münasibətlərinə fikir bildirərkən Azərbaycanın 30 il davam edən işğalın qurbanı olduğu və öz gücü ilə buna son qoyduğu, hazırda isə sülh sazişinin mətnin 80-90 faizi razılaşdırıldığını dediyi bildirilib.
Məqalələrdə ABŞ-da keçiriləcək Prezident seçkiləri ilə bağlı suala Azərbaycan Prezidentinin “Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq” ifadələri ilə cavab verdiyi bildirilir.
Dövlətimizin başçısının çıxışında Azərbaycan-Rusiya münasibətlərinə dair fikirlərinə istinad edilərək ölkələrimiz arasındakı münasibətlərimizdə həll olunmayan məsələlərin olmadığı vurğulanıb. Bildirilib ki, Azərbaycan ilə Rusiya qarşılıqlı hörmət, anlaşma və maraqların nəzərə alınması əsasında əməkdaşlıq edir və çoxşaxəli münasibətlərimiz hazırda ön plandadır.
Azərbaycan Prezidentinin İsrail-Fələstin münaqişəsinə mövqeyinə yer verilən yazılarda ölkə başçımızın “Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır” ifadələri yer alıb.
Xəbərlərdə forum haqqında geniş məlumat verilib. Bildirilib ki, sayca ikinci dəfə təşkil edilən Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir.