Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO
Salyan, 29 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şirvan Milli Parkı.
Şəhərin səs-küyünü geridə qoyub cənub istiqamətinə üz tuturuq. Budəfəki hədəfimiz Azərbaycan təbiətinin ceyranlar məskəni kimi tanınan zəngin Şirvan Milli Parkıdır.
Ələt–Astara magistralının Salyan rayonundan keçən hissəsindən ayrılaraq qoruğun hüdudlarına daxil oluruq. Şəxsi nəqliyyatımızı girişdə saxlayıb, xüsusi safari avtomobilinə əyləşirik. Beləcə, yarımsəhra landşaftının qoynunda maraqlı kəşf səyahətimiz başlayır.
Hava günəşli, temperatur kifayət qədər yüksəkdir. Bir qədər irəlilədikdən sonra parkın vizit kartı sayılan “sakinlərlə” qarşılaşırıq. Gah tək-tək, gah da sürü halında görünən zərif ceyranlar dərhal diqqəti çəkir. Bəziləri dayanıb maraqla ətrafa boylanır, bəziləri isə qəfil və zərif sıçrayışlarla uzaqlaşır. Bir neçə saniyəlik dayanıb fotokameralarımızın obyektivinə tuş gəlir, ardınca da çevik hərəkətlərlə çölün dərinliklərinə doğru qaçırlar.
"Qırmızı kitab"a daxil edilmiş bu canlılar Şirvan Milli Parkının əsas sərvətidir. Onları təbii mühitdə seyr etmək hər bir təbiətsevər üçün unudulmaz təəssüratdır.
Xatırladaq ki, 2010-cu ildən etibarən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə start verilib. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir.
Ərazinin faunası təkcə ceyranlarla bitmir, qamışlıq pişiyi, bəzgək və adi qızılqaz kimi nadir növlər də bu biomüxtəlifliyin ayrılmaz hissəsidir.
Daha sonra yolumuzu estakadadan salırıq. Buradan açılan mənzərə tamam başqa ovqat yaradır: böyük göl quşların canlı sığınacağını xatırladır. Biri enir, digəri qanad çalıb səmada süzür. Su hövzəsində daim hərəkət, hər baxışda yeni bir canlı tablo var.
Şirvan Milli Parkı ornitoloqlar və quş müşahidəçiləri üçün əsl cənnətdir. Ərazidə indiyədək 230-dan çox quş növü qeydə alınıb. Miqrasiya və qışlama dövrlərində göllərdə və sahilyanı zolaqda ördəklər, qazlar, qaşqaldaqlar və flaminqolar məskən salır.
Kür-Araz ovalığında — Qaradağ, Salyan və Neftçala rayonlarının sərhədində yerləşən milli park 54 min hektardan geniş ərazini əhatə edir. Yarımsəhra və quru çöl landşaftı, düzən gölləri, su-bataqlıq biotopları və Xəzərin qumlu sahilləri bura bənzərsiz coğrafi görkəm verir. Ərazidə sürünənlərdən tısbağalar, kərtənkələlər və ilanlar, məməlilərdən isə canavar, çaqqal, tülkü və çöl donuzları geniş yayılıb. Floranı təşkil edən iydə ağacları, Xəzər sarıbaşı, şahsevdi və müxtəlif yovşan növləri isə yerli ekosistemi tamamlayır.
Parkın başlıca özəlliyi bir məkanda bir neçə təbii zonanın qovuşmasıdır: bir tərəfdə mavi Xəzər, digər tərəfdə ucsuz-bucaqsız düzənliklər, qamışlı göllər və zəngin canlı aləm.
Şirvan Milli Parkına səyahət təkcə yeni məkanları görmək deyil, həm də təbiətin kövrək tarazlığını dərk etmək və nadir növlərin qorunmasının vacibliyini xatırlamaq fürsətidir.
Müxbir – Rəşad Rəşidov