TÜRKİYƏ ÖZÜNÜN İRAQDAKI HƏRBİ ROIU MƏSƏLƏSİNİ CİDDİ ŞƏKİLDƏ NƏZƏRDƏN KEÇİRİR
İyulun 24-də Dövlət Departamentində birgə müzakirələr aparan xarici işlər idarələrinin başçıları ikitərəfli, regional məsələlər, həmçinin Kipr və Yaxın Şərq problemlərinə dair fikir mübadiləsi aparmışlar. Son vaxtlar NATO üzrə iki müttəfiqin münasibətlərində çətin anlar olsa da, tərəflər bəyan etmişlər ki, 50 illik dostluq münasibətlərində çətinliklər məhz ölkələrin bir-birinə yaxın olmasına görə baş verir. Amerika və Türkiyə bu çətinlikləri birgə aradan qaldıra biləcəklər.
Kolin Pauell İraqın bərpası, humanitar və sair məsələlərlə bağli Türkiyədən aldıqları əhəmiyyətli yardım təkliflərinə görə Abdullah Gülə təşəkkür etmişdir. Türkiyənin xarici işlər naziri isə demişdir ki, İraqda sabitlik yaradılmasında BMT və NATO-nun iştirakı İşləri asanlaşdırardı.
Abdullah Gül Vaşinqtona dörd günlük səfəri çərçivəsində, həmçinin vitse-prezident Dik Çeyni, müdafiə naziri Donald Ramsfeld və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi xanım Kondoliza Rays ilə də görüşməlidir. O, bir sıra institutlarda mühazirələrlə çıxış edəcək, bölgədə baş verən hadisələrə münasibətdə ölkəsinin mövqeyini açıqlayacaqdır.
Abdullah Gülün fikrincə, ABŞ İraqın strateji qonşusu olan Türkiyənin rəyinə etibar etməlidir. O, “Vaşinqton Post” qəzetinə müsahibəsində demişdir ki, Türkiyə dünyanın bu hissəsini Amerikadan yaxşı tanıyır. Biz bu ərazidə yüz illərlə hökmranlıq etmişik. Biz sizə yaxşı məsləhətlər verə bilərik və bunlar, həqiqətən, İraqda sabitliyin bərpası məsələsinin həllinə səbəb ola bilər.