Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyıb Ərdoğandan
Dəyərli qardaşım,
Dost və qardaş Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Azərbaycan xalqının haqlı iftixarını və sevincini ürəkdən paylaşırıq.
Türkiyə və Azərbaycan gücünü ortaq tarix, dil, inanc və mədəniyyət birliyindən alan sıx əlaqələrlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi bölüşən iki ölkədir.
Azərbaycan bölgədə ən önəmli strateji ortağımızdır və qardaş ölkənin uğurları ilə qürur duyuruq. Əminəm ki, Türkiyə ilə Azərbaycanın münasibətlərini həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf etdirəcəyik. Əməkdaşlığımızı uğurla davam etdirmək yolundakı iradəmiz qətidir.
Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Baş naziri