TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Qardaş ölkənin rəhbərini Binə hava limanında Azərbaycanın Baş naziri Artur Rasizadə qarşılamışdır.
Türkiyə Prezidenti AZƏRTAC-ın müxbirinə demişdir ki, mən qardaş Azərbaycan xalqının kədərini bölüşürəm və qardaşlarıma başsağlığı verirəm.
X X X
Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər və qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hilmi Özkök, habelə onları müşayiət edən rəsmi şəxslər Binə hava limanından Prezident Heydər Əliyevlə vidalaşma mərasimi keçirilən Respublika sarayına gəlmişlər.
Qardaş ölkənin rəhbəri adından Heydər Əliyevin cənazəsi önünə əklil qoyuldu. Prezident Əhməd Necdət Sezər və ordu generalı Hilmi Özkök türk xalqının böyük dostu Heydər Əliyevin cənazəsi önündə baş əyərək, onun unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər. Cənab Əhməd Necdət Sezər dövlətimizin başçısı İlham Əliyevə, onun ailə üzvlərinə dərin hüznlə başsağlığı verdi, ölkəmizin rəhbərinə və xalqımıza Tanrıdan səbr dilədi.
Türkiyə Respublikasının Prezidenti və onu müşayiət edən şəxslər Azərbaycan-Türkiyə dostluğunun tarixinə yeni parlaq səhifələr yazmış Heydər Əliyevin Fəxri Xiyabanda dəfnində iştirak etdilər.
Dəfn mərasimindən sonra Prezident Əhməd Necdət Sezər, nümayəndə heyətinin üzvləri dövlətimizin başçısı İlham Əliyevə yaxınlaşaraq bir daha ona başsağlığı verdilər, Prezident Heydər Əliyevə Uca Allahdan rəhmət dilədilər.
Prezident Əhməd Necdət Sezər və onu müşayiət edən nümayəndə heyəti həmin gün Ankaraya qayıtmışdır.