Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda "Sivasspor"u məğlub edib
Bakı, 16 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının XXVI turunun ilk görüşündə "Fənərbağça” “Sivasspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.
Görüşün 73-cü dəqiqəsində “Sivasspor”un hücumçusu Özər Hurmancı hesabı açıb. Lakin meydan sahiblərinin cavab qolu çox da gecikməyib. Roberto Soldado cəmi bir dəqiqə sonra hesaba tarazlıq gətirib. Meydan sahibləri bir daha görüşün 86-cı dəqiqəsində fərqləniblər. Mehmet Ekici İstanbul təmsilçisinin qələbə qolunu vurub. Beləliklə “Fənərbağça” doğma meydanda “Sivasspor”u 2:1 hesabı ilə məğlub edib.
Bu oyundan sonra "Sivasspor" turnir cədvəlində 34 xalla 7-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi isə 31 xalla 13-cü pilləyə irəliləyib.
Türkiyə Superliqasında XXVI turun digər oyunları martın 16, 17 və 18-də keçiriləcək.