Türkiyə Superliqası: lider “Başakşəhər” səfərdə “Kayserispor”la heç-heçə oynayıb
Bakı, 17 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının 26-cı turunun oyunları keçirilib. Lider “Başakşəhər” səfərdə “Kayserispor” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Kadir Has” stadionunda baş tutan oyun gərgin epizodlarla yada qalıb. Hesabı 20-ci dəqiqədə meydan sahiblərinin hücumçu Şamil Cinaz açıb. Qarşılaşmada son nöqtəni oyunun vaxtına əlavə olunan dəqiqələrdə Emmanuel Adebayor qoyub. O, onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib: 1:1. Bu bərabərlikdən sonra “Başakşəhər” 58 xalla turnir cədvəlində öz liderliyini qoruyub saxlayır.
Türkiyə Superliqasında XXVI turunun digər qarşılaşmasında “Yeni Malatyaspor” öz meydanında “Ankaragücü”nü 3:1 hesabı ilə məğlub edib. Digər İstanbul təmsilçisi “Qalatasaray” isə səfərdə “Bursaspor”la qarşılaşır. Görüş Bakı vaxtı ilə 20:00-da başlayıb.