İDMAN
Türkiyə Superliqası: “Qalatasaray” doğma meydanda “Antalyaspor”u darmadağın edib
Bakı, 12 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının XXV turunun yekun oyunu keçirilib. “Qalatasaray” doğma meydanda “Antalyaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Türk Telekom” stadionunda baş tutan görüş meydan sahiblərinin ardıcıl hücumları ilə yada qalıb. Görüşün 17-ci dəqiqəsində “Qalatasaray”ın hücumçusu Sofiane Fequli hesabı açıb. Birinci hissə bu hesabla bitib.
İkinci hissənin 65-ci dəqiqəsində Henri Onyekurunun qolu ilə hesab arasındakı fərq artıb. Badou Ndiaye 68-ci dəqiqədə qonaqları bir daha mərkəzdən başlamağa məcbur edib. Henri Onyekuru 78-ci dəqiqədə özünün ikinci komandasının dördüncü qolunu vurub. Görüşün son qolunu Mbaye Diaqne 90-cı dəqiqədə vurub. Bu, oyunda vurulan son qol olub.
Beləliklə, “Qalatasaray” doğma meydanda “Antalyaspor”u 5:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsinə İstanbul təmsilçisi xallarının sayını 49-a çatdırıb. Bu xalla komanda "Başakşəhər"dən 8 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.