TÜRKİYƏ UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALMAQ İSTƏYƏN ABİTURİYENTLƏR İMTAHAN VERMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil sahəsində dövlətlərarası müqaviləyə əsasən, Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) ilə birgə qardaş ölkənin universitetlərində təhsil almaq istəyən abituriyentlər üçün aprelin 20-də Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanı keçirmişdir. Bu il Azərbaycan gənclərinə Türkiyənin nüfuzlu 11 universitetində 20 ixtisas üzrə 37 yer ayrılmışdır. Sənəd qəbulu martın 30-dan aprelin 12-dək Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəki şəhərlərindəki sənəd qəbulu komissiyalarında aparılmışdır. Bu komissiyalara Azərbaycan bölməsi üzrə 1371, rus bölməsi üzrə 228 abituriyent sənəd vermişdir.
Bakıda imtahanlar Azərbaycan Texniki Universitetində (1428 nəfər), Naxçıvan şəhərində isə Naxçıvan Dövlət Universitetində (171 nəfər) keçirilmişdir. İmtahanları Türkiyə Təhsil Nazirliyinin şöbə müdiri Şeref Yaman, ÖSYM, Yüksək Öyrətim Kurumunun və digər müvafiq təşkilatların nümayəndələri müşahidə etmişlər. Testlər TQDK və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən bunker şəraitində hazırlanmışdı.
Abituriyentlər 90 dəqiqə ərzində seçdikləri ixtisasdan asılı olmayaraq orta məktəbdə tədris olunan riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, dünya ədəbiyyatı fənlərindən imtahan vermişlər. Bu sıraya məntiqi suallar da daxil idi. Sual kitabçasına 100 test tapşırığı daxil edilmişdi. Türk dilindən imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılmışdı.
Müsabiqə Türkiyə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaqdır. Nəticələr TQDK-ya göndərildikdən sonra qəbul olunanların siyahısı KİV-də dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Müsabiqədən keçmiş abituriyentlər Türkiyədə bir tədris ili müddətində “Türkcə Öyrətim Mərkəzləri”ndə türk dili hazırlıq kursuna cəlb ediləcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçənlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar.
Türkiyənin ali məktəblərinə daxil olanlar 2008-2009-cu tədris ili üçün ölkəmizin ali məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edə bilməzlər.
