DÜNYA
Türkiyədə tibbi maskadan istifadə tələbi ləğv edilib
İstanbul, 26 aprel, AZƏRTAC
Avropa ölkələrinin böyük əksəriyyəti pandemiya qadağalarını ləğv edib. Ölkəmizin də bu istiqamətdə addım atma vaxtının gəldiyinə inanırıq. Koronavirus tədbirləri çərçivəsində üç ilə yaxın tətbiq edilən qapalı məkanlarda tibbi maska taxmaq məcburiyyəti tamamilə ləğv edilir. Sadəcə, yoluxmanın sayı mindən aşağı olana qədər ictimai nəqliyyat və səhiyyə ocaqlarında maskadan istifadə etmək məsləhət görülür. Digər qapalı ərazilərdə isə tibbi maskadan istifadə tələbi tamamilə ləğv edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Koronavirus üzrə Elmi Şurasının növbəti toplantısından sonra açıqlamasında bildirib.
Türkiyə Prezidenti bildirib ki, dünyamızın son iki ildən artıq dövrü sağlamlıq təhlükəsi altında keçib. Pandemiya səhiyyə, idman, nəqliyyat başda olmaqla bütün sahələri öz təsirinə salıb. Hər ölkə var gücü ilə virusla mübarizəyə başladı. Türkiyə bütün bu sınaqlardan alın açıqlığı ilə çıxan azsaylı ölkələrdən biridir. Bu dövr ərzində başda 1 milyon 300 min nəfərlik səhiyyə ordusu olmaqla ölkənin bütün qurumları gecə-gündüz demədən pandemiya ilə mübarizə aparıb.
Səhiyyə nazirinin koordinasiyası ilə bu istiqamətdə mübarizə aparan bütün səhiyyə işçilərinə təşəkkürünü ifadə edən Türkiyə Prezidenti, sadəcə, pandemiya dövründə ölkəsində 16 mindən artıq yataqlı xəstəxanaların fəaliyyətə keçdiyini bildirib.
Pandemiya dövrü ərzində Türkiyə tərəfindən 160 ölkə və 12 beynəlxalq quruma tibbi yardım göstərildiyini xatırladan Prezident Ərdoğan ölkəsinin pandemiya ilə mübarizədə müxtəlif səhiyyə cihazları, testlər və peyvənd istehsalı ilə seçildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Türkiyə bu gün dünyada öz peyvəndini istehsal edən doqquz ölkədən biridir. Pandemiya bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsi üzrə də güclü təməllərinin vacibliyini bir daha göstərdi.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul