SİYASƏT
Türkiyəli ekspert: Əfqanıstanda sülhün və inkişafın təmin olunması Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün vacib amildir
![Türkiyəli ekspert: Əfqanıstanda sülhün və inkişafın təmin olunması Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün vacib amildir](/files/2017/3/1200x630/15125498022671226017_1200x630.jpg)
İstanbul, 6 dekabr, AZƏRTAC
Azərbaycanın “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransına ev sahibliyi etməsi bütün dünya üçün əhəmiyyətli sülh çağırışıdır.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində sosial elmlər üzrə türkiyəli tanınmış ekspert, yazıçı Mətin Yıldırım bildirib. O deyib ki, Azərbaycan erməni işğalından və terrorizmindən ən çox əziyyət çəkən ölkədir. İşğal faktının ortada olduğu bir vaxtda Azərbaycanın Əfqanıstanda sülhün və inkişafın yaranmasına dəstək verməsi bütün dünya üçün düşündürücü və əhəmiyyətlidir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğu Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsi ənənə halı alıb. Azərbaycan 2010-cu ildə Dünya Dini Liderlərinin Sammitinə, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna uğurla ev sahibliyi edib. Bu tədbirlərin dünyada sülhün və həmrəyliyin təşviqində mühüm rol oynadığını vurğulayan ekspert deyib: “Əminliklə deyə bilərəm ki, Əfqanıstanda uzunmüddətli sülh və inkişaf üçün qəbul ediləcək beynəlxalq səviyyəli qərarlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ədalətli həllinə təkan verə bilər”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul