TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ DAXİL OLMASI HAQQINDA FİKİRLƏR
Sorğu oktyabrın 4-6-da keçirilmişdir. Həmin günlərdə isə artıq məlum idi ki, Avropa Komissiyası Türkiyənin öz tərkibinə qəbul olunması üçün danışıqlara başlamağı AB-yə tövsiyə etmək niyyətindədir.
Yeri gəlmişkən, iki həftə əvvəl keçirilən sosioloji sorğunun nəticələri ilə müqayisədə Türkiyənin AB-yə qoşulmasının əleyhdarları 5 faiz artmışdır.
Təhlilçilərin fikrincə, bu nəticələr Ankara üçün yalnız onu göstərə bilər ki, o, öz məqsədinə doğru yolda ciddi çətinliklərlə qarşılaşacaqdır. Fransa Prezidenti Jak Şirak bildirmişdir ki, Avropa Birliyi Türkiyənin ona qəbulu haqqında müsbət qərar qəbul edərsə, Fransada bu məsələ barədə referendum keçiriləcəkdir.
Röyter Agentliyinin məlumatına görə, Türkiyənin AB-yə qoşulmasının əleyhdarları ən çox bundan ehtiyat edirlər ki, bu ölkədən Qərbi Avropaya işçi qüvvəsi axını kəskin surətdə artacaqdır. Belə bir fakt da narahatlıq doğurur ki, Türkiyə, əsasən, müsəlman ölkəsidir. Proqnozlara görə, 2020-ci ilədək onun əhalisi 82 milyon nəfərə çatacaqdır, bu isə o deməkdir ki, Türkiyə Avropa Parlamentində ən çox nümayəndəyə malik ölkə olacaqdır.
Bütün Avropanı düşündürən bu məsələ barəsində İspaniyanın “Vanquardia” qəzeti də öz fikrini açıqlamışdır. Qəzet yazır ki, AB Türkiyənin ona qoşulması məsələsinə dair danışıqların başlanmasına “yaşıl işıq” yandırır, lakin bu qərarla yanaşı, sərt tələblər də qoyulur ki, onlar da yerinə yetirilməsə, Türkiyənin AB-yə qəbul edilməsi müşkül məsələyə çevriləcəkdir. AB rəhbərliyi Türkiyə hökumətinin ölkədə insan hüquqlarına əməl edilməsi və demokratiyanın bərqərar olması sahəsində mütərəqqi siyasi addımlarını müsbət qiymətləndirsə də, geriyə qayıdışın qarşısını almaq üçün ciddi monitorinq aparılmasının zəruriliyini nəzərə çarpdırır.
Lakin bütün bunlara baxmayaraq, Türkiyə nikbin əhval-ruhiyyədədir. Baş nazir Rəcəb Tayyib Ərdoğan əmindir ki, AB liderləri Türkiyənin bu quruma qoşulmasına dair danışıqları artıq 2005-ci ilin əvvəllərində aparmağa razılıq verəcəklər.