Türkiyəyə konteyner evlər göndərilib
Cəlilabad, 15 fevral, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonundan Türkiyəyə göndərilən humanitar yardımlar davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər görmüş şəxslərə dəstək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Türkiyəyə 5 ədəd modul tipli ev - konteyner göndərilib.
Konteynerlər Bakı şəhərindən Türkiyəyə yola salınıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.