TürkPA-nın baş katibi Ankarada və Bişkekdə bir sıra görüşlər keçirmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Türkiyə Böyük Millət Məclisinin (TBMM) və TürkPA-nın fəaliyyətdə olan sədri Cemil Çiçəklə görüşmüşdür. Görüşdə TürkPA-nın fəaliyyət istiqamətləri və iş planı müzakirə olunmuşdur.
TürkPA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, baş katib görüşdə assambleyanın əsas məqsəd və vəzifələrindən danışmışdır. Cemil Çiçək isə öz növbəsində TürkPA-nı türkdilli ölkələrin əməkdaşlıq prosesinin parlament ölçüsü kimi qiymətləndirmiş və demişdir ki, təşkilat bu ölkələr arasında inteqrasiya prosesinə müsbət təsir göstərmişdir.
Eyni zamanda J.Asanov Ankarada Qazaxıstanın Türkiyədəki səfiri Janseit Tuimbayev, Ədalət və İnkişaf Partiyasının baş katibi, TürkPA-nın hüquq məsələləri üzrə komissiyasının sədri Haluk İpək, TBMM-in baş katibi İrfan Neziroğlu və digər məsul şəxslərlə də bir sıra görüşlər keçirmişdir.
Jandos Asanovun, həmçinin Bişkekdə Qırğızıstan Joqorku Keneşinin sədri Asilbek Jeenbekovla görüşü olmuşdur. Görüşdə TürkPA katibliyinin assambleya çərçivəsində həyata keçirdiyi birgə tədbirlər və nəzərdə tutulmuş yeni məzmunlu fəaliyyətə dair məsələlər müzakirə olunmuş, türkdilli dövlətlər arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün hüquqi bazanın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.