TÜRKPA-dan rəqəmsal transformasiya təşəbbüsü: “Qanun” və “Qamus” Türk dünyasının xidmətində
Bakı, 14 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Türk dünyasını ortaq rəqəmsal platformada bir araya gətirən iki layihəni həyata keçirib.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, “Qanun” və “Qamus” adları ilə istifadəyə verilən yeni sistemlər həm parlament diplomatiyasına, həm də Türk dünyasında dil birliyinin gücləndirilməsinə və ortaq yaddaşın formalaşmasına töhfə vermək məqsədi daşıyır.
Hüquqi qanunvericilik vahid platformada: “Qanun”
TÜRKPA-nın hazırladığı “Qanun” layihəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistana məxsus hüquqi qanunvericiliyi təşkil edən mətnləri rəqəmsal mühitdə bir araya gətirir.
Ziyarətçilərini beş dildə (Azərbaycan, qazax, qırğız, türk və ingilis dillərində) qarşılayan sistem sənədlərdə axtarış, filtrləmə, işarələmə və istifadəçiyə məxsus iş faylı yaratmaq xüsusiyyətləri ilə rəğbət qazanır.
Doqquz dildə müqayisəli lüğət: “Qamus”
“Qamus” layihəsi isə türk dillərinin söz ehtiyatlarını müqayisəli şəkildə tədqiq etmək imkanı yaradır. Azərbaycan, qazax, qırğız, özbək, türkmən, türk, başqırd, tatar və uyğur dillərini əhatə edən rəqəmsal lüğət elmi yoxlamadan keçmiş etibarlı mənbələr əsasında hazırlanıb.
Türk dünyasında müstəsna yer tutan lüğətlərlə inteqrasiyanın da təmin ediləcəyi layihədə faydalı mənbələr dəqiqliklə müəyyən edilir və bir-biri ilə ahəngdar bir bütünlük şəklində ziyarətçilərə təqdim olunur. Bu çərçivədə Türkiyədən “Kubbealtı Vəqfi”nin nəşr etdiyi “Böyük İzahlı Türkcə Lüğət” ilə inteqrasiya işlərinə başlanılıb. Digər dillər üzrə də bənzər işlər zamanla tamamlanacaq.
“Qamus” dil birliyini möhkəmləndirmək, anlayışlar və terminologiyada bütövlük və standartlaşmaya töhfə vermək məqsədi daşıyır.
Üç illik işin məhsulu
TÜRKPA-nın Baş katibi səfir Mehmet Süreyya Erin himayəsində 2023-cü ildə başlayan rəqəmsal transformasiya işlərində “Qanun” və “Qamus” ilə ilk böyük təşəbbüs həyata keçirilib. Eyni istiqamətdə işlərin bundan sonra da inkişaf etdiriləcəyini bildirən Mehmet Süreyya Er “dildə, fikirdə, işdə birlik” anlayışının müasir tələblərini yerinə yetirdiklərini vurğulayır.
Geniş xidmətlər spektri
Yeni rəqəmsal platforma masaüstü və mobil cihazlarda istifadə edilə biləcək şəkildə hazırlanıb. Heç bir quraşdırma və ya üzvlük tələb etməyən sistem “turkpa.org” veb-saytı vasitəsilə fasiləsiz olaraq əlçatandır.