U-23 Avropa çempionatı: Dörd güləşçimiz medal görüşünə çıxacaq
Bakı, 18 may, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, millimizin üzvü Əliabbas Rzazadə (57 kq) ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. Dörddəbir finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Ə Rzazadə 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya güləşçisini böyük üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb. Güləşçimiz qızıl medal uğrunda görüşdə rusiyalı Axmed İdrisov ilə qarşılaşacaq.
Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) ilk görüşdə rusiyalı idmançıya uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də təsəlliverici görüşə çıxıb. Rəqibindən üstün olan güləşçimizin bürünc medal uğrunda görüşdə rəqibi Vladislav Koyka (Belarus) olacaq.
Çempionatda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev yarışa Gürcüstan pəhləvanı üzərindəki qələbə ilə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan C.Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisi ilə görüş olduqca gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn C.Hacıyev finala adlayıb. Həlledici görüşdə təmsilçimiz Nikolay Qrahmez (Moldova) ilə üz-üzə gələcək.
Güləşçimiz İslam İlyasov (97 kq) debütdə Rusiya təmsilçisinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də bürünc medal qazanmaq şansı əldə edib. Polşadan olan rəqib təsəlliverici görüşə çıxmadığı üçün İ.İlyasov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Təmsilçimizin rəqibi Luka Xutçua (Gürcüstan) olacaq.
Qeyd edək ki, medallar uğrunda görüşlər Bakı vaxt ilə saat 20:00-da start götürəcək.