Üç ayda Əmlak Məsələləri Dövlət Komitəsinə 6 minə yaxın müraciət daxil olub
Bakı, 27 aprel, AZƏRTAC
Bu ilin ilk üç ayında Əmlak Məsələləri Dövlət Komitəsinə 6 minə yaxın müraciət daxil olub.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar daşınmaz əmlakla bağlı yaranan suallarını həm rahatlıqla ünvanlaya, həm də ona cavab tapa bilirlər. Əmlak Məsələləri Dövlət Komitəsi bu işləri məmur-vətəndaş ünsiyyəti minimum olmaqla, innovativ yeniliklərlə, o cümlədən əks zəng sistemi və sosial sorğular vasitəsilə həyata keçirir. Eyni zamanda, “193” vahid Çağrı Mərkəzi, onlayn resurslar da əhalinin xidmətindədir. Bununla vətəndaşların müraciətləri operativ cavablandırılır, onlara dərhal hüquqi yardım göstərilir, qanunvericilik prosedurları izah edilir. Komitə müasir dövrün tələbi olan sosial şəbəkələrdə də aktiv olaraq fəaliyyət göstərir. Facebook (https://www.facebook.com/emlakkomitesi/) və instagramdakı (https://www.instagram.com/emlakkomitesi/) səhifələri, həmçinin “emdk.gov.az” veb saytının onlayn müraciət və “Privatization.az” portalının onlayn məsləhət pəncərəsi ilə əhalinin suallarının cavablandırılması işləri daha rasional aparılır.
Ümumilikdə cari ilin ilk rübü ərzində Çağrı Mərkəzi, onlayn çat, sosial şəbəkə vasitəsilə 6 minə yaxın müraciət daxil olub. Onların 3500-dən çoxu “193” vahid Çağrı Mərkəzinin, 2500-ə yaxını sosial şəbəkələrin, “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 5 mindən çoxu Bakıdan, 1000-ə yaxını isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən ay ərzində 2000-ə yaxın müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb.
Statistikaya görə, 2018-ci ilin yanvar-mart aylarında “193” vahid Çağrı Mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə, müraciətlərin 3000-dən çoxu (89 faiz) sorğu tiplidir.
Qeyd edilməlidir ki, “193” vahid Çağrı Mərkəzinə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 84 faizi Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.
Müraciətlərin mövzularına gəldikdə isə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər üstünlük təşkil edir.
Məcmu sorğuların mövzuları üzrə strukturun 50 faizə yaxını daşınmaz əmlakın qeydiyyatı, 20 faizi özəlləşdirilmə, 10 faizi torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir.
Elektron hərrac sistemi kimi özəlləşmə sahəsində yeniliyin tətbiqi isə prosesə olan diqqəti daha da yüksəldib.
Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlər də yer alıb. Həmin məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, araşdırma aparılıb, sorğular qanunvericilik çərçivəsində həll edilib. Daxil olan müraciətlərdə daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, bələdiyyə torpaqlarının qeydiyyatı, ümumi mülkiyyətin bölünməsi məsələləri öz əksini tapır. Həmçinin torpaq sahəsinin dəqiqləşdirilmiş koordinatlarının çəkilməsi, torpaqların təyinatının dəyişdirilməsi, onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər sahələrlə bağlı suallar verilir. Eyni zamanda, dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı, elektron xidmətlərin istifadəsi ilə bağlı lazımi prosedurlar da onlayn və canlı rejimdə izah olunur.