Üçcildlik “Azərbaycan tarixi”nin nəşrinə hazırlıq işləri başlanmışdır
Bakı, 1 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda üçcildlik “Azərbaycan tarixi”nin nəşrinə hazırlıq işlərinə başlanmışdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, yeni nəşrdə ən qədim zamanlardan yaşadığımız günlərədək Azərbaycan tarixinin mühüm məsələləri əksini tapacaqdır. Yeni “Azərbaycan tarixi”ndə tariximizin indiyədək təhrif edilmiş və qəsdən saxtalaşdırılmış problemlərinə yeni baxış əsas götürüləcəkdir. Kitabda tariximizin bugünədək araşdırılmamış məsələləri də geniş işıqlandırılacaqdır.
Üçcildliyin nəşri ilə bağlı elmi konsepsiya üzərində iş artıq başa çatmaq üzrədir. Konsepsiyanın layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır. Üçcildlik yeni “Azərbaycan tarixi”nin birinci cildi ən qədim zamanlardan XVIII əsrin 30-cu illərinədək olan dövrü, ikinci cildi 1736-1917-ci illəri, üçüncü cildi isə 1918-2012-ci illəri əhatə edəcəkdir.
Kitabda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə dair materiallar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən böyük quruculuq-abadlıq işləri geniş işıqlandırılacaqdır.
Yeni “Azərbaycan tarixi” müxtəlif dövrlərə aid xəritələr, illüstrasiyalar, mənbələr və ədəbiyyat siyahısı ilə tamamlanacaqdır.
Üçcildlik yeni “Azərbaycan tarixi” akademik R.Mehdiyevin ümumi redaktəsi ilə nəşr olunacaqdır.