UEFA Avropa Liqasının kuboku Moskvada nümayiş etdirilir
Bakı, 13 mart, AZƏRTAC
UEFA Avropa Liqasının kuboku Moskvada keçirilən “MITT 2019” - Moskva Beynəlxalq Turizm Sərgisində nümayiş etdirilir.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycanın turizm potensialının və yeni turizm məhsullarının da təqdim olunduğu sərgidə bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması ilə bağlı xüsusi stend quraşdırılıb.
Stenddə UEFA Avropa Liqasının finalı ilə bağlı digər məlumatlarla yanaşı, nümayiş etdirilən UEFA Avropa Liqasının kuboku azarkeşlərin böyük marağına səbəb olub.
Hazırda kubokun sərgiləndiyi “MITT 2019” sərgisi martın 14-dək fəaliyyət göstərəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının kuboku martın 3-də Bakıda keçirilmiş, UEFA Avropa Liqasının fınal oyununa həsr olunmuş şou xarakterli oyunda nümayiş etdirilib. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. UEFA Avropa Liqasının kuboku Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənib. Kubok mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununadək Avropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.